Rusiyalı oliqarxların sərvəti bu il 21 milyard dollar artıb

10:00 03.10.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın ən zəngin iş adamlarının sərvəti ilin əvvəlindən 21,13 milyard dollar artıb.

Hafta.az-ın “Bloomberg Billionaires Index”ə istinadən yazdığına görə, Vladimir Potanin Rusiyanın ən zəngin iş adamları arasında birinci yerdədir. Digər tərəfdən, Süleyman Kərimov ilin ən böyük sərvət itkisini yaşayıb.

“Norilsk Nikel” şirkətinin sahibi Vladimir Potanin rusiyalı iş adamları arasında ən zəngini olaraq qalır. Onun sərvəti ilin əvvəlindən 210 milyon dollar azalaraq 28,4 milyard dollara düşdüyü halda, ikinci yerdə “Novatek”in ortağı Leonid Mixelson qərarlaşıb: onun sərvəti 2,68 milyard dollar artaraq 27,3 milyard dollar olub.

NLMK sədri Vladimir Lisin sərvətini 3,42 milyard dollar artıraraq 23,3 milyard dollara çatdırıb və reytinqdə üçüncü yeri tutub.

LUKOIL-un təsisçisi Vahid Ələkbərov ilin əvvəlindən 6,4 milyard dollar qazanaraq sərvətini 21,8 milyard dollara çatdırıb və Rusiya iş adamları arasında dördüncü yerdə qərarlaşıb.

Beşinci yerdə 233 milyon dollar itirmiş Əlişir Usmanov (“Metalloinvest”, “Megafon”) qərarlaşıb, onun sərvəti hazırda 18,2 milyard dollar qiymətləndirilir.

Altıncı yerdə “Severstal”ın sahibi Aleksey Mordaşov qərarlaşıb, onun sərvəti əvvəldən 520 milyon dollar artıb və sərvəti 18,2 milyard dollardır.

“Eurochem” və SUEK-in qurucusu Andrey Melniçenko 3,04 milyard dollar qazanaraq hazırkı sərvətini 16,2 milyard dollara çatdırıb və siyahıda yeddinci yeri tutub.

Reytinqdə səkkizinci yerdə “NOVATEK” və “Sibur” şirkətlərinin ortaq sahibi Gennadi Timçenko qərarlaşıb. Onun sərvəti ilin əvvəlindən 2,74 milyard dollar artaraq 14,6 milyard dollara çatıb.

Siyahıda doqquzuncu yerdə “Onexim” qrupunun yaradıcısı Mixail Proxorov qərarlaşıb. Onun sərvəti 1,08 milyard dollar artaraq 14,3 milyard dollara çatıb.

Onuncu yerdə Alfa Group-un yaradıcısı Mixail Fridmandır. Onun sərvəti ilin əvvəlindən 808 milyon dollar artaraq 12,1 milyard dollara çatıb.

Dağıstan Respublikası Federasiya Şurasının üzvü və iş adamı Süleyman Kərimov bu il ən böyük sərvət itkisinə məruz qalıb. Onun sərvəti 1,48 milyard dollar azalaraq 7,52 milyard dollara düşüb.

“Bloomberg”ə görə, 2022-ci ildə ən zəngin ruslar demək olar ki, 94 milyard dollar itiriblər. Ukraynada müharibənin başladığı gün - fevralın 24-də ilk dəfə ümumilikdə 46,6 milyard dollar itirən rus zənginlər Qərb ölkələrinin Rusiyaya tətbiq etdiyi sanksiyalardan sonra daha 47 milyard dollar itirib.

“Bloomberg” 2012-ci ilin mart ayının əvvəlindən müntəzəm olaraq dünyanın 500 ən varlı adamının sərvəti haqqında məlumat verən Bloomberg Milyarderlər İndeksini dərc edir.